skip to Main Content
MedEra Hospital
Bakı ş., Əcəmi Naxçıvani 53
Sosial şəbəkələr:
Randevu al
Virus Hepatitləri: Dünyaya Qarşı Müharibə Açan çox Ciddi Düşmənlərimiz

Virus hepatitləri: dünyaya qarşı müharibə açan çox ciddi düşmənlərimiz

Virus hepatitlər haqqında ümumi məlumat

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən hal-hazırda dünyada hepatitlərə yoluxanların sayı 2 milyarddan artıqdır (hər 3-4 nəfərdən biri). Təəssüf ki, yoluxmuş insanlardan çoxunun bundan xəbəri yoxdur. Bu xəstəliyə qarşı mübarizənin əsas hədəflərindən biri insanların maarifləndirilməsidir. Məhdud saylı araşrıdmaların nəticələrinə əsasən Azərbaycanda hər 12 nəfərdən biri bu viruslardan birinə yoluxmuş hesab edilir. Hepatit B və C virusları qaraciyər sirrozu, qaraciyər xərçəngi kimi təhlükəli xəstəliklər törədə bilir. Bu xəstəlikdən hər il 1,5 milyon və ya hər 30 saniyədə 1 insan dünyasını dəyişir. Virus hepatitlərinin yüngül subklinik formadan başlamış ağır klinik gedişə malik, qaraciyərin sirrozuna və xərçənginə səbəb ola bilən müxtəlif formaları var. Hepatitlər yayılmasına görə bütün infeksion xəstəliklər arasında 3-cü yeri tutur. Virus etiologiyalı hepatitlərə: A, B, C, D, E və nisbətən az rast gəlinən F, G, TTV və SENV aiddir. Bunların arasında parenteral yolla yoluxan B, C və D virus hepatitləri əhalinin sağlamlığına daha böyük təhlükə törədir. Xəstəliyin klinik əlamətlərinə gəldikdə isə çox hallarda simptomuz mənzərə müşahidə edilir. Bəzən dəri və selikli qişaların bir qədər saralması, sidiyin rənginin tündləşməsi, sağ qabırğaaltı nahiyyədə küt xarakterli ağrılar, ümumi dispepsik pozğunluqlar, mərkəzi sinir sisteminin oyanıqlığı və s. kimi əlamətlər müşahidə olunur.

 

Hepatit B xəstəliyi nədir?

Qlobal yayılan, antroponoz infeksiyalardan olub, müxtəlif klinik variantlarla seyr edilir. DNT tərkibli virus orqanizmə parenteral yolla, əsasən müxtəlif cərrahi müdaxilələr, qan və onu əvəz edən preparatların köçürülməsi, yaxşı sterilizasiya olunmamış tibbi alətlər vasitəsilə yoluxur. Hamilə qadınlarda bu infeksiyanın dölə ötürülməsi cift vasitəsilə, doğuş zamanı doğuş yollarından, doğuşdan sonra isə ağız suyu, qan zərdabı və s. yollarla baş verə bilər. Hamilə ananın qanında HBeAg və virusun DNT-sinin aşkar olunması doğulan körpədə anadangəlmə HBV olduğunu sübut edir. Əksər hallarda hepatit B uzun inkubasion dövrdən sonra başlayır və çox zaman kəskin infeksiya şəklində inkişaf edir.

Hepatit D

D hepatit virusuna istisnasız olaraq hepatit B virusu olan insanlarda rast gəlinir. Əksər hallarda D virusu B hepatit virusunun replikasiyasını zəiflədir. Az-az hallarda hər iki virus eyni zamanda aktiv ola bilər. Bu zaman qaraciyərin funksiyalarında pozulmalar müşahidə edilir. Xəstəlik çox da uzun olmayan müddətdə proqressivləşmək və qaraciyər strukturunda geri dönməsi çətin olan iltihab və fibroz yaratmaq xüsusiyyətinə malikdir.

Hepatit C

Hepatit C zamanı simptomlar əsasən çox zəif nəzərə çarpır. Bu səbəbdən də onun diaqnozu əksər hallarda gec qoyulur. Belə gedişatına görə (xəstəni sakitcə və simptomsuz zədələyir) bu hepatiti “səssiz qatil” də adlandırırlar. Bu virus müalicə olunmayan hallarda xroniki hepatitə, qaraciyərin sirrozu və xərçənginə səbəb olur. Yoluxma – qan və qan preparatlarının istifadəsində, doğuş zamanı və cərrahi müdaxilələr zamanı baş verir. Yoluxmadan 2-3 həftə sonra pasiyentin qanında HCV RNT, daha sonra isə antitellər aşkar edilir. Xəstədə antitelin tapılması onun yoluxmuş olduğunu göstərir.

Profilaktika

Hepatit A və B əleyhinə peyvəndlər mövcud olsa da, hepatit C əleyhinə peyvənd hələ də belə kəşf edilməmişdir. Alimlər əmindirlər ki, virusun artımının qarşısını alacaq və ya onu tamamilə məhv edə biləcək dərman maddələri yaratmaq mümkündür. Amma ən yaxşısı bu virusa yoluxmamaqdır. Bunun üçün risk faktorlarından qorunmaq belə yetərdir.

Back To Top